...

Naxçıvanda probasiya nəzarətində olan məhkumlarla maarifləndirici görüş keçirilib

21-11-2025 | 16:01

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən probasiya nəzarətində olan şəxslərin hüquqi maarifləndirilməsi, onların sosial reabilitasiyasına dəstək göstərilməsi və təkrar hüquq pozuntularının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Nazirliyin İcra və Probasiya Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində probasiya nəzarətində olan məhkumlarla növbəti maarifləndirici görüş keçirilib.

Görüşdə Naxçıvan şəhəri, Babək, Şərur, Şahbuz, Kəngərli, Culfa, Ordubad və Sədərək rayonlarından olan probasiya nəzarətindəki şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə İcra və Probasiya Xidmətinin rəis müavini, icra şöbəsinin rəisi Rahib Səfərov açaraq Ədliyyə Nazirliyi tərəfindən icra və probasiya sahəsində həyata keçirilən tədbirlər, məhkumların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, bu cür görüşlər probasiya nəzarətində olan şəxslərin maarifləndirilməsi və onların hüquqi məsuliyyət hissinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra İcra və Probasiya Xidmətinin məsləhətçisi Sahil Həsənov çıxış edərək probasiya nəzarətinin məqsədi, məhkumların üzərinə düşən hüquqi öhdəliklər və sosial adaptasiya prosesinin vacibliyi barədə danışıb. O qeyd edib ki, probasiya nəzarəti altında olan şəxslər üçün yaradılan imkanlardan düzgün istifadə etmək, qanunlara əməl etmək onların gələcək həyatında mühüm rol oynayır.

İstintaq bölməsinin baş müstəntiqi Zamin Nəbiyev isə cinayət və mülki işlər üzrə məhkəmə qərarlarının icrası zamanı rast gəlinən hüquqi məsələlər və qanun pozuntularının nəticələri barədə məlumat verib. O, iştirakçıları qanunvericiliyin tələblərinə əməl etməyə və məsuliyyətli davranış nümayiş etdirməyə çağırıb.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib. İştirakçılar onları maraqlandıran suallarla çıxış edib, hüquqlarının qorunması və sosial reabilitasiya imkanları barədə ətraflı məlumat alıblar.

Sonda görüşün iştirakçıları bu cür tədbirlərin maarifləndirici və profilaktik baxımdan əhəmiyyətini qeyd ediblər.