Naxçıvanda Penitensiar xidmətə yeni avtomobillər təqdim edilib
Penitensiar xidmətin maddi-texniki bazasının gücləndirilməsi, məhkumların və həbs edilmiş şəxslərin etibarlı müşaiyətinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə məhkumların daşınmasını həyata keçirən müasir tipli iki ədəd yeni xüsusi avtomobillər verilib. Penitensiar xidmətin Mühafizə Taburunun avtomobil parkının yenilənməsi məhkum və həbs edilmiş şəxslərin məhkəmələrə və istintaq orqanlarına vaxtında çatdırılmasını, onların etibarlı mühafizə olunmasını təmin edəcəkdir.
Qeyd edək ki, “Fiat Dukato” və “Fiat Doblo” markalı xüsusi təyinatlı avtomobillərdə məhkumların təhlükəsiz daşınması və müşaiyət xidmətinin aparılması üçün hər şərait yaradılıb. Yeni təqdim edilən avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və mühafizə sisteminə malikdir.