
Naxçıvanda Penitensiar Xidmətdə Xocalı soyqırımı anılıb
Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xocalı şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri olduğunu bildirib. O qeyd edib ki, erməni silahlı birləşmələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş bu qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biridir.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, faciənin mahiyyəti dünya ictimaiyyətinə çatdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl tədbirlər görülür, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində genişmiqyaslı təbliğat işləri aparılır. Artıq bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Penitensiar Xidmətin Qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Musa Hüseynov da çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin ölkəmizin suverenliyinin bərpasında mühüm rol oynadığını bildirib. O vurğulayıb ki, Müzəffər Azərbaycan Ordusu Xocalı şəhidlərinin qisasını alaraq 2023-cü ilin sentyabrında Xocalını separatçılardan azad edib.
Sonda Xocalı soyqırımı şahidlərinin xatirələri və faciə ilə bağlı tarixi faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.