...

Naxçıvanda "Konstitusiya və suverenliyin fəaliyyətimizə təsiri" mövzusunda elmi-praktik tədbir keçirilib

14-05-2025 | 19:13

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir.

Növbəti belə tədbir mayın 14-də Naxçıvan Dövlət Texniki Kollecində "Konstitusiya və suverenliyin fəaliyyətimizə təsiri" mövzusunda keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinin  Məhkəmə Ekspertizası Mərkəzi və Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin, Naxçıvan Dövlət  Texniki  Kollecinin, eləcə  də  ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov tədbirin əhəmiyyətindən bəhs edib. Daha sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi hüquq mühafizə orqanları, məhkəmə ekspertləri və hüquqşünasların fəaliyyətində Konstitusiyanın aparıcı rolunu vurğulamaqdır. O qeyd edib ki, bu kimi tədbirlər Konstitusiya müddəalarının məhkəmə ekspertizasında tətbiqinə və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bu institutun rolunun önə çəkilməsinə xidmət edir.

Tədbirdə məhkəmə ekspertizasının hüquqi əsasları, həyata keçirilməsi zamanı konstitusion müddəaların nəzərə alınması və bu sahədə praktiki təcrübə mübadiləsi imkanları müzakirə olunub.

Daha sonra tədbirdə bir sıra məruzələr dinlənilib. Məhəmməd Həşimov “Konstitusiya və suverenlik ili birliyimizin və həmrəyliyimizin ifadəsidir”, Gülnar Niftəliyeva “Konstitusiyamızda suverenliyimizin bərpasının tarixi əsasları”, Səməd Şaxtaxtinski isə "Azərbaycan Respublikası Konstitusiyasının məhkəmə ekspertizası fəaliyyətində rəhbər tutulması" mövzusunda çıxış ediblər. 

Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.