Naxçıvanda fərdi rəsm sərgisi açılıb
Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda rəssam Mənsur Əsgərlinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İşığa doğru” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
Sərginin açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxış edib, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənətimizə, yaradıcı insanlara göstərdiyi diqqət və qayğıdan danışıblar.
Qeyd olunub ki, rəssam Mənsur Əsgərlinin müxtəlif koloritli əsərləri rəngarəngliyinə görə ruh oxşayır, doğma el-obaya bağlılığı əks etdirir. Müxtəlif janrlarda çəkilmiş əsərlərdə optimizm ruhu, Vətən müharibəsindəki Zəfərimizin təsviri diqqəti cəlb edir.
Çıxış edənlər rəssama yaradıcılıq uğurları arzulayıb, ona səmimi təbriklərini çatdırıblar.
Sonra rəssama Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə üzvlük vəsiqəsi təqdim olunub.
Rəssam Mənsur Əsgərli fərdi sərgisinin təşkilinə görə minnətdarlıq edib.
Sonra sərgiyə baxış olub.
Rəssamın portret, mənzərə, qrafika və digər janrlarda işlədiyi əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi iyulun 5-dək davam edəcək.