...

Naxçıvanda Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seçkilərlə bağlı seminar-müşavirə keçirilib

23-08-2024 | 17:37

2024-cü il sentyabrın 01-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 23-də Penitensiar xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində seminar-müşavirə keçirilib.

Penitensiar xidmətin rəhbərliyi, Dairə Seçki Komissiyasının nümayəndələri, xidmətin məsul əməkdaşları, İstintaq təcridxanasının və cəzaçəkmə müəssisələrinin rəisləri, habelə Mühafizə taburunun komandirinin iştirak etdiyi tədbir cəzaçəkmə müəssisəsində seçkilərin təşkili və səsvermənin keçirilməsinə həsr olunub.

Seminar-müşavirədə  ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi, ədliyyə polkovniki Emin Kazımov Azərbaycan Respublikası seçki qanunvericiliyinin tələblərinə əməl edilməklə cəzaçəkmə müəssisəsində seçicilərin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad şəkildə səsvermədə iştiraklarının təmin edilməsi istiqamətində atılan addımlardan danışıb. Nazir müavini cəzaçəkmə müəssisəsində səsvermənin yüksək səviyyədə təşkil olunması və şəffaf keçirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun tapşırıq və tövsiyələrini diqqətə çatdırıb, səsvermə yerlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması işlərinin həyata keçirildiyini bildirib.

Sonra Penitensiar xidmətin Qeydiyyat bölməsinin rəisi ədliyyə mayoru, Musa Hüseynov, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin böyük məsləhətçisi Səfər Hüseynov və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilərin keçirilməsi üçün yaradılmış 14 saylı Qarabağlar Dairə Seçki Komissiyasının sədri İlham Abbasov çıxış ediblər. Çıxışlarda qapalı müəssisələrdə əlverişli seçki mühitinin yaradılması, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar aydın və ətraflı izah edilib. Həmçinin bildirilib ki, 01 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində dəqiqləşdirilmiş seçki siyahısına əsasən hal-hazırda müəssisələr üzrə 183 nəfər məhkum və həbs edilmiş şəxs səsvermə hüququndan istifadə edə biləcək. Onlardan 1 nəfər məhkumun  18 yaşı yeni tamam olduğu üçün bu il ilk dəfə səsvermədə iştirak edəcək.  Bütün proseslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında müvəffəqiyyətlə davam edir.

Seminar-müşavirənin sonunda mövzu ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.