...

Naxçıvanda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22-11-2025 | 10:59

Hər il 22 noyabr Azərbaycanda Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu gün ölkədə ədalətin təmin olunması, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi istiqamətində çalışan minlərlə ədliyyə əməkdaşının əməyinə verilən böyük dəyərin ifadəsidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncamla 22 noyabr ədliyyə orqanlarının yaradılması tarixi əsas götürülərək peşə bayramı kimi təsbit edilib. Bu gün, həmçinin, ölkəmizdə müasir hüquq sisteminin inkişafına töhfə verən nəsillərin fədakar fəaliyyətinə ehtiramın bir göstəricisidir.

Ədliyyə orqanları hüquqi dövlətin ən vacib dayaqlarından biri olmaqla fəaliyyət istiqamətlərinə məhkəmə qərarlarının icrası, vətəndaşlıq aktlarının qeydiyyatı, hüquqi maarifləndirmə, penitensiar sahədə islahatlar, insan hüquqlarının təminatı, dövlət qeydiyyatı və reyestrlərin idarə edilməsi, məhkəmə ekspertizası, məhkəmə aktlarının icrası, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, səlahiyyətinə aid edilmiş işlər üzrə ibtidai istintaq və digərləri daxildir. Bu qurumlarda çalışan mütəxəssislərin peşəkarlığı, obyektivliyi və məsuliyyəti hüquq sisteminin sabitliyini və cəmiyyətin hüquqi münasibətlərə olan etimadını birbaşa müəyyən edir.

Gündəlik iş rejimi, təhlükəsizlik, məsuliyyət, insan talelərinə birbaşa təsir edən qərarlar – bütün bunlar ədliyyə əməkdaşlarının üzərinə düşən ağır və şərəfli yükdür. Onların fəaliyyəti cəmiyyətin ədalət hissini gücləndirir, hüquqi mədəniyyətin yüksəlməsinə şərait yaradır.

Ölkəmizdə son illərdə ədliyyə sahəsində mütərəqqi islahatlar həyata keçirilir. Elektron xidmətlərin genişlənməsi, şəffaflığın artırılması, reyestrlərin təkmilləşdirilməsi, penitensiar sistemdə yeniliklər, vətəndaş məmnunluğuna yönəlmiş addımlar bu inkişafın əsas istiqamətlərindəndir.

Ulu öndər Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi yüksək diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Peşə bayramı ərəfəsində ədliyyə orqanları əməkdaşlarının, o cümlədən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşının dövlət başçısı tərəfindən təltif olunması bu sahədə çalışan mütəxəssislərin üzərinə düşən məsuliyyəti daha da artırır. Bu təltiflər ədliyyə fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz göstəricisidir. Eyni zamanda göstərilən etimad ədliyyə işçilərini daha peşəkar fəaliyyətə həvəsləndirir və məsuliyyət hissini artırır.

22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətlə bütün ədliyyə işçilərinə çətin və məsuliyyətli fəaliyyətlərində, dövlətçilik və ədalət naminə xidmətlərində uğurlar arzulayırıq.