Naxçıvanda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Noyabrın 22-də Azərbaycanda ədliyyə orqanlarının yaranmasının 105-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzülüb, ədliyyə strukturunun təkmilləşdirilməsi işində böyük xidmətlər göstərən dahi şəxsiyyətə ehtiram ifadə edilib, Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində davam edən tədbirdə Naxçıvan Muxtar Respublilkasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, ədliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Hüseyn Səfərov, nazirliyin digər vəzifəli şəxsləri və ədliyyə işçiləri iştirak ediblər.
Nazirliyin inzibati binasında yeni yaradılan Ümummilli Liderimiz Heydər Əliyevin büstü önünə gül çələngi qoyulub, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Hüseyn Səfərov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, 105 yaşını qeyd edən nazirliyin tarixinə nəzər salıb. Nazir müavini Ümummilli Lider Heydər Əliyevin birinci dəfə ölkədə siyasi hakimiyyətə gəlməsilə ədliyyə tarixində yaranmış dönüş mərhələsindən, eyni zamanda müstəqillik dönəmində dahi şəxsiyyətin ədliyyə fəaliyyətinə verdiyi önəm və dəyərdən bəhs edib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanları əməkdaşlarının fəaliyyətinə stimul verib, onlar üzərində məsuliyyət hissini daha da artırıb. Hüseyn Səfərov ölkə başçısı cənab İlham Əliyevin ədliyyə fəaliyyətinə verdiyi önəm və əhəmiyyətə diqqət çəkərək ilk dəfə 2006-cı ildə Ədliyyə Nazirliyinə hüquq-mühafizə statusunun verilməsinin ədliyyə tarixində mühum addım olduğunu qeyd edib. Hakimiyyəti dönəmində Prezident cənab İlham Əliyev tərəfindən nazirliyin bütün fəaliyyət istiqamətlərinə uyğun dövlət proqramları, yol xəritələri tərtib edilmiş Azərbyaycan ədliyyəsi inkişafının yeni mərjhələsinə yüksəlib. Bu gün Azərbaycan ədliyyəsi beynəlxalq arenada bir model kimi qiymətləndirilir, təcrübəmizdən yararlanmağa çalışılır. Ədliyyə sahəsində islahatların başlanğıcının olduğunu, lakin sonunun olmadığına diqqət çəkərək, ədliyyə işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycan Respublikası ədliyyə naziri cənab Fikrət Məmmədovun təbrikini Naxçıvan Muxtar Respublikası ədliyyə işçilərinin diqqətinə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edərək bildirib ki, “ədliyyə” sözünün mənası ədalət sözündən formalaşıb. Bu baxımdan ədliyyə, məhkəmə işçiləri üçün fəaliyyətlərində “ədalət” prinsipini gözləmək şərəfli missiyadır. Azərbaycanda ədliyyə sahəsi 1918-ci ildən etibarən çox keşməkeşli yollar keçib, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə özünün yeni təkmilləşmə, inkişaf dövrünə qədəm qoyub. Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin qəbul etdiyi fərman və sərəncamlarla bu sahənin strukturunda yeni dövrün tələblərindən irəli gələn dəyişikliklər edilib, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə inamını artıraraq, müraciət imkanlarının genişləndirilməsi və digər mühüm hədəflər uğurla reallaşdırılıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında Naxçıvan Muxtar Respublilkasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəflinin təbriklərini çatdıraraq qeyd edib ki, bu gün Naxçıvan özünün yeni inkişaf dövrünü yaşayır. Bu prosesdə hər kəsin üzərinə ciddi məsuliyyət və vəzifələr düşür. Vurğulanıb ki, Ulu Öndərin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də struktur islahatları aparılıb, ədliyyə orqanlarının təkmilləşdirilməsi prosesi həyata keçirilib. Naxçıvanda da ədliyyə orqanlarının formalaşdırılması işində Ümummilli Liderimizin böyük rolu olub, dahi şəxsiyyətin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə əlavə səlahiyyətlər verilib. Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan Samir Seyidəhmədli Naxçıvanda ədliyyə sahəsində islahatların davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb, əməkdaşların peşə bayramını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə qeyd olunub ki, ölkə Prezidentinin 2023-cü il 21 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Xəyal Eyvazov əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da vəzifəsinin öhdəsindən layiqincə gələcəyini vurğulayıb.
Sonra 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə qulluqda fərqlənən bir qrup əməkdaşın mükafatlandırma mərasimi olub.
Sonda tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının foyesində yeni yaradılan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar guşə, eləcə də ölkə Prezidenti cənab İlham Əliyevin ədliyyə orqanlarına diqqət və qayğısını əks etdirən və Zəfər Günü ilə bağlı yaradılan guşələrlə tanış olublar.
Tədbir çay süfrəsi ilə davam edib.