Naxçıvanda cəzaçəkmə müəssisəsində maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumlar üçün maarifləndirici tədbir təşkil edilib. Tədbirdə məhkəmələr tərəfindən məhkum edilmiş şəxslər barəsində çıxarılmış icra vərəqələrinin icrası və cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsinin yaratdığı məsuliyyətlə bağlı məsələlərə toxunulub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov tədbirin əhəmiyyəti barədə danışıb, maarifləndirmə xarakterli söhbətlərin cəzaçəkmə müəssisələrində müsbət təsir yaratdığını vurğulayıb.
Sonra Ədliyyə Nazirliyinin əməkdaşları İntiqam Vəliyev “Məhkum olunmuş şəxslər barəsində məhkəmələr tərəfindən çıxarılmış icra vərəqələrinin icrası”, Zamin Nəbiyev “Cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi habelə həmin əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi və bu əməllərə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət”, Penitensiar xidmətin əməkdaşları Rəşad Cəlilov “Cəzaçəkmə müəssisələrində icra vərəqələrinin icrasının vəziyyəti” və Azər Əsgərov “Cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısının alınması ilə bağlı görülən tədbirlər” mövzularında çıxış edib, qanunvericiliyin tələblərini diqqətə çatdırıblar.
Görüşdə qeyd olunub ki, odlu və soyuq silahın bütün növləri, soyuq silaha oxşar kəsici və deşici alətlər, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən dərman vasitələri, spirtli içkilər, mobil telefon, müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər müəssisəyə gətirilməsi qadağan olunan əşyalardır. Məhz buna görə də müəssisənin əməkdaşları tərəfindən mütəmadi olaraq məhkumlara qadağan olunmuş əşyaların əldə edilməsinin hüquqi məsuliyyəti izah olunur və bu istiqamətdə profilaktiki söhbətlər aparılır.
Sonda məhkumların mövzu ilə bağlı sualları ətraflı cavablandırlıb.