...

Naxçıvanda cəzaçəkmə müəssisəsində cəzaçəkən şəxslərin sosial müdafiəsinə həsr olunan tədbir keçirilib

31-08-2024 | 13:36

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Naxçıvan Muxtar Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏSMN) birgə təşkilatçılğı ilə xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin hüquq və azadlıqlarının qorunması, cəzaçəkmədən azad olunduqdan sonra cəmiyyətə sosial adaptasiyası, onlara müvafiq sahələrdə yardım göstərilməsi ilə bağlı müvafiq addımlar atılmasından ibarətdir.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru Nizami Nəcəfov çıxış edərək ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına verilən dəyərdən, humanizm prinsiplərindən bəhs edib, tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Tərbiyə işinin təşkili bölməsinin rəisi, ədliyyə polkovnik-leytenantı Rəşad Cəlilov cəzaçəkmə müəssisəsində cəzaçəkən şəxslərin hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.

ƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Vüsal Həsənov cəzaçəkən şəxslərin sosial hüquqları, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra sosial müdafiəsinin təmin olunması ilə bağlı qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Vüsal Həsənov əmək pensiyası, sosial müavinət, təqaüd və sosial ödəniş almaq hüquqları olan cəzaçəkən və cəzaçəkmədən azad olunmuş müvafiq kateqoriyalı şəxslərin hüquqlarının həyata keçirilməsi ilə bağlı məlumat verib. Həmin şəxslərə müavinətin təyin edilməsi və təyin olunmasından imtina olunmasına aydınlıq gətirib. Vurğulanıb ki, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Belə ki, birdəfəlik müavinətin verilməsi cari ilin ötən dövrü ərzində muxtar respublikada 66 cəzaçəkmədən azad edilmiş şəxsə şamil olunub.

Sonra ƏSMN-in tədbirdə iştirak edən nümayəndələrinə 24 nəfər cəzaçəkən şəxs fərdi şəkildə özləri və ailərinə əmək pensiyası, sosial müavinət, təqaüd və sosial ödəniş almaq hüquqları ilə bağlı köməklik edilməsi üçün müraciət edib.