...

Naxçıvanda Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) üzrə təqdimat tədbiri keçirilib

06-11-2025 | 10:19

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) – tətbiqi və imkanlarının təqdimatı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov çıxış edərək bildirib ki, BAMS bələdiyyələrin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına, vergi inzibatçılığının səmərəli təşkilinə xidmət edir. O qeyd edib ki, sistemin tətbiqi bələdiyyələrin gəlirlərinin artmasına, bununla da yerli infrastruktur və abadlıq işlərinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.

Bələdiyyələrlə Onlayın Xidmət Mərkəzinin direktoru Adil Əhmədov isə çıxışında vurğulayıb ki, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) yerli özünüidarəetmədə müasir texnologiyaların tətbiqinə geniş imkanlar açır. Həmçinin qeyd edildi ki, bu sistem idarəetmənin şəffaflığını, məlumat axınının operativliyini və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcək. O, qeyd edib ki, BAMS-ın bütün ölkə üzrə tətbiqi bələdiyyələr arasında vahid idarəetmə yanaşmasının formalaşmasına və məlumat mübadiləsinin səmərəliliyinin artmasına şərait yaradacaq.

Qeyd olunub ki, sistemin proqram təminatı təkmilləşdirilib, Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazası və Mərkəzi Bankın “Hökumət Ödəniş Portalı” ilə inteqrasiya olunub. Bununla da vətəndaşlara yerli vergi və ödənişləri portal vasitəsilə rahat şəkildə həyata keçirmək imkanı yaradılıb.

BAMS bələdiyyələrə öz inzibati ərazilərində daşınmaz əmlak və torpaq sahələri üzrə məlumatlara çıxış imkanı verir, vergi borclarının avtomatik hesablanmasını və SMS bildiriş xidməti vasitəsilə vətəndaşların məlumatlandırılmasını təmin edir.

Tədbirin sonunda sistemin praktiki tətbiqi nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.