...

Naxçıvanda Amnistiya aktının icrasına başlanılıb

23-12-2025 | 10:20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması ilə bağlı təşəbbüsünə əsasən Milli Məclisin dekabrın 19-da qəbul etdiyi Amnistiya aktının Naxçıvan Muxtar Respublikasında da icrasına başlanılıb.

Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində qanunvericiliyin tələblərinə uyğun və mərhələli şəkildə həyata keçirilir və ilkin olaraq 15 məhkum cəzaçəkmə müəssisəsindən azad edilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarından əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları – “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin həmtəsisçisi Üzeyir Məmmədov və Ülkər Bayramova, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri İsfəndiyar Qasımov, həmçinin media nümayəndələri də iştirak ediblər. Çıxışlar zamanı bildirib ki, amnistiya aktı humanizm prinsiplərinə əsaslanır və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin cəmiyyətə reinteqrasiyasına mühüm töhfə verir, aktın icrası prosesi qanunauyğunluq prinsipləri qorunmaqla dürüst və vaxtında həyata keçirilir.

Məhkumlar və ailə üzvləri isə bu humanist addıma görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi təşəkkürlərini ifadə edərək qanunlara hörmətlə yanaşacaqlarını bəyan ediblər.

Amnistiya aktının icrası növbəti mərhələlər üzrə davam etdiriləcək.