...

Naxçıvanda 15 iyul şəhidlərinin xatirəsi anılıb

17-07-2023 | 10:16

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik  Kərəm Mustafayev, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitututnun rektoru Azad Novruzov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə əvvəlcə qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iki qardaş ölkələrimizin dövlət himnləri səsləndirilib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya çıxış edərək bildirib ki, bu gün Türkiyə demokratik qələbəsinin yeddinci ildönümünü qeyd edir. Bu mənfur çevriliş cəhdi türk millətinin qanunun aliliyinə və ölkənin demokratik təsisatlarına sadiqliyini nümayiş etdirən daha bir qəhrəmanlıq dastanı ilə nəticələnib. Vurğulanıb ki, 15 iyul gecəsi qardaş Azərbaycan bu xəyanəti qınayıb və Türkiyənin yanında olub. Bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə birgə əməkdaşlıq, birlik və qardaşlıq nümayiş etdirir.

Qeyd olunub ki, bu il həm də Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Buna görə də Türkiyədə anım mərasimləri “Türkiyə Yüzilinin Qəhrəmanları” şüarı ilə keçirilir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iki qardaş ölkənin müxtəlif illərdə eyni tale yaşadığını, lakin xalqlarımızın mətanəti sayəsində dövlət çevrilişi cəhdlərinin qarşısının qətiyyətlə alındığını deyib: “Demokratik, suveren, müstəqil ölkələrimiz bütün sahələr üzrə inkişaf edir. Möhkəm təməllər üzrəində qurulan Türkiyə-Azərbaycan münasibətləri hər il daha da möhkəmlənir”.

Tədbirdə şəhidlərin ruhuna dualar oxunub.

Sonda dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərə həsr olunmuş videoya baxış olub.