Naxçıvan şəhərində profilaktiki görüş keçirilib
Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsi nazirliyin İstintaq bölməsi ilə birlikdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədləri üzrə məhkum və borclularla proflaktik görüş keçirmişdir.
Nazirliyin əməkdaşları Sahil Həsənov və Asət Mirzəyev çıxış edərək məhkəmə qərarlarının vaxtında icrasının və hüquqi maarifləndirmə işlərinin nazirlik tərəfindən daim diqqətdə saxlanıldığını, bu istiqamətdə muxtar respublikanın şəhər və rayonlarında adıcıl tədbirlər həyata keçirildiyini vurğulayıblar.
Əməkdaşlar tərəfindən Cəzaların İcrası Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinin Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, məhkəmə və digər orqanların qərarlarının borclu şəxslər tərəfindən qərəzli olaraq icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır. Probasiya nəzarətində olan məhkumların cəza müddətindəki davranışlarının nazirlik tərəfindən daim diqqətdə saxlanıldığı qeyd olunub, tərbiyəvi xarakterli tədbirlərdə fəal iştirakı və onları müsbət xarakterizə edən digər əhəmiyyətli hallar nəzərə alınmaqla məhkumlara həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi qaydası barədə izahlar verilib.
Sonra mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.