Naxçıvan şəhərində probasiya nəzarətində olan məhkumlarla görüş olub
Noyabrın 24-də Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində Naxçıvan şəhərində qeydiyyatda olan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərlə hüquq pozuntularının törədilməsinin hüquqi nəticələri ilə bağlı maarifləndirici görüş olub.
Tədbirdə nazirliyin İcra və probasiya şöbəsinin, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin və Babək Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları və Naxçıvan şəhəri üzrə probasiya nəzarətində olan məhkumlar iştirak edib.
Tədbirdə nazirliyin İcra və probasiya şöbəsinin rəis müavini Rəşad Allahverdiyev, Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İnfil İbrahimli və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Bayramlı mövzu ilə bağlı çıxış ediblər.
Çıxış edənlər cərimə, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslərlə yeni cinayətlərin törədilməsi ilə bağlı qanunvericiliyin tələblərini diqqətə çatdırıblar. Əməkdaşlar tərəfindən elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah olunub. Cəzanın icrası qaydalarını nümunəvi yerinə yetirən məhkumlar barəsində tətbiq edilən həvəsləndirmə tədbirləri barədə məlumat verilib.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.