...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı İspaniyada doktoranturaya qəbul olunub

03-03-2026 | 12:11

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Fərəcov Valeh Şəfaət oğlu İspaniya Krallığında Universidad de Santiago de Compostela universitetinin “Hüquq və Məhkəmə Psixologiyası” istiqaməti üzrə doktorantura pilləsində bu ildən təhsil almaq hüququ qazanıb.

Fərəcov Valeh Şəfaət oğlu 2012-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda Pedaqogika və Psixologiya ixtisası üzrə bakalavr pilləsini, 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 2023-cü ildə Naxçıvan Müəllimlər İnstitutunda “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə magistr pilləsini bitirib.

Əmək fəaliyyətinə 2012-ci ildən başlayıb, 2019-cu ildən isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza bölməsində ekspert kimi fəaliyyət göstərib. 2022-ci ildən Məhkəmə Psixoloji Ekspertizası bölməsinin rəisi vəzifəsini icra edib.

Onun xidməti fəaliyyəti Nazirlik rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 22 noyabr 2023-cü il tarixdə “Təşəkkür” elan olunub, 22 noyabr 2024-cü ildə ədliyyə qulluqçularının “Peşə bayramı” münasibətilə vaxtından əvvəl I dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi verilib. Eyni zamanda 2023-cü ildən etibarən Naxçıvan Dövlət Universitetində “Hüquq psixologiyası” və “İdarəetmə psixologiyası” fənləri üzrə müəllim kimi pedaqoji fəaliyyət göstərib.

Valeh Fərəcovu İspaniyada doktorantura təhsilinə qəbul olunması münasibətlə təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq.