Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Bakı şəhərində panel müzakirədə iştirak edib
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında cəzaçəkən məhkumların ekoloji cəhətdən faydalı olan əl işlərinin nümayişi ilə bağlı təşkil olunan Forumda iştirak edib. Azərbaycan Milli Qeyri- Hökumət Təşkilatının "Yaşıl dünya naminə həmrəy olaq" şüarı ilə və dünyanın bir çox ölkələrinin nümayəndələrinin də iştirak etdiyi Forumda keçirilən panel müzakirədə çıxış edən nazir müavini moderator -diplomatik jurnalist Sevinc Gülməmmədovanın mövzu ilə bağlı suallarını cavablandırıb.
Nazir müavini Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradılan istehsalat sahəsi ilə bağlı məlumat verib. Bildirib ki, istehsalat binasında daş və duz üzərində oyma, boyaxana, tədris otağı, dərzi, rəssam, nəqqaşlıq və misgərlik otağı, ayaqqabı təmiri otağı yerləşir. Məhkumlar tərəfindən hazırlanan əl işləri, xüsusilə duzdan hazırlanan məhsullar diqqət çəkir. Vurğulanıb ki, müxtəlif peşə kurslarına cəlb olunmaları məhkumların azad olunduqdan sonra cəmiyyətə sosial adaptasiyasında mühüm rol oynayır və iş tapmalarını asanlaşdırmış olur.
Forum çərçivəsində təşkil olunan Yaşıl Zonada nümayiş olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumların Naxçıvan duzundan hazırladıqları ekoloji cəhətdən faydalı olan əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Forumda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Milli Dram Teatrının birgə layihəsi olan yaşıl enerjidən bəhs olunan "Odunçunun nağılı" tamaşası təqdim olunub. Əsas leytmotivi yaşıl enerjiyə keçid, təbiətin mühafizəsi və ekoloji təmizliyə çağırış olan tamaşa mövzusunun aktuallığı ilə diqqət çəkib .