...

Naxçıvan MR Ədliyyə Nazirliyi şəhidlərin xatirəsini anıb

27-09-2025 | 17:26

27 Sentyabr - Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad edib.

Nazirliyin əməkdaşları əvvəlcə şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Daha sonra Zəfər Abidəsinə gedilərək önünə əklil qoyulub, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb.

Tədbir çərçivəsində nazirliyin rəhbərliyi və əməkdaşları şəhid ailələrini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Görüşdə qeyd olunub ki, şəhid ailələrinin cəmiyyətdəki xüsusi yeri və göstərdikləri fədakarlıq dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir.

Nazirliyin rəhbər şəxsi bildirib ki, şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Qeyd edək ki, bu kimi tədbirlər şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə mənəvi dəstək göstərilməsi və gələcək nəsillərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.