Naxçıvan ədliyyə sistemi savadlı kadrlarla komplektləşdirilir
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün cari ilin mart ayında elan olunmuş müsabiqədə 04 namizəd və Məhkəmə Ekspertizası Mərkəzində vakant olan ekspert vəzifəsinə keçirilən müsahibədə 01 namizəd uğur qazanıb. Müsabiqə və müsahibədən uğurla keçən namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilib, təlimin sonunda onlara ədliyyə orqanlarında işləmək hüququ verən şəhadətnamə verilib.
Noyabrın 20-də müsabiqə və müsahibədə uğur qazanan namizədlər ədliyyə orqanlarında qulluğa qəbul edilib və nazirlikdə andiçmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Ədliyyə Nazirliyinin yaranmasının 105-ci ildönümü və ədliyyə işçilərinin peşə bayramı ərəfəsində gəncləri qulluğa qəbul olunmaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzu edib. Qeyd olunub ki, hər bir ədliyyə işçisi xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsini dərindən mənimsəyərək onun hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında müəyyən etdiyi dövlətçiliyə sədaqətlə xidmət və yüksək mənəvi keyfiyyətlərə malik olmaq kimi tələblərini fəaliyyətlərində rəhbər tutmalıdır. Ali Baş Komandan İlham Əliyevin dövlət qulluqçuları qarşısında xalqa layiqli xidmət göstərilməsi, məmnunluğun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini fəaliyyətlərində yerinə yetirməli, xidməti vəzifələrində məsuliyyətli olmalı, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl etməlidir.
Sonra yeni işə qəbul olan namizədlər təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr təqdim edilib.