Naxçıvan Dövlət Universitetində “Bələdiyyə və təhsil: yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda seminar keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Bələdiyyə və təhsil: yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tələbələr üçün seminar keçirilib.
Fakültə dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov tədbiri giriş sözü ilə açaraq bu cür seminarların tələbələrin praktik biliklərə yiyələnmələrinə müsbət töhfə verdiyini qeyd edib, əməkdaşlıq üçün nazirliyə təşəkkürünü bildirib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Müasir idarəetmə forması olan yerli özünüidarəetmənin tarixi və inkişafı” barədə ətraflı məlumat verərək bildirib ki, ölkəmizdə ilk yerli özünüidarəetmə anlayışı hələ Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu dövrdə formalaşıb. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsinin ilk dəfə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə-1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdığını,1999-cu ilin dekabrında isə ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institutun formalaşmağa başladığını vurğulayıb. Xəyal Eyvazov sonrakı mərhələlərdə respublikada yerli özünüidarəetmə sisteminin hüquqi bazasının yaradılması sahəsində bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə edən mühüm qanunlar işlənib hazırlanması və qəbul edilməsi ilə bağlı məsələrə də diqqət çəkib. Vurğulanıb ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunları və bu qanunların tətbiqi barədə imzalanan fərmanlarla bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən olunması, onların fəaliyyətinin əsasları, və digər məqamlar öz əksini tapıb.
Sonra Ordubad rayonu Dəstə bələdiyyəsinin sədri, Kənd bələdiyyələri assosiasiyasının sədri Tofiq Babayev “Bələdiyyə assosiasiyalarının yerli özünüidarəetmə orqanlarının inkişafında rolu”, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin əməkdaşı Təbriz Eyvazlı “Bələdiyyə idarəçiliyində gənclərin rolu və iştirakının əhəmiyyəti” və Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, dosent Flora Kərimova “Dövlət və bələdiyyə idarəetməsi sahəsində qarşılıqlı fəaliyyət” mövzularında çıxış ediblər.
Tədbir qarşıqlıqlı diskusiya şəklində davam edib, mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.