...

“Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib

23-06-2023 | 15:28

İyunun 23-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Məhkəmə Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib. Məhkumlar üçün keçirilən tədbir “Narkomaniya əsrin bəlasıdır” mövzusuna həsr edilib.

Tədbiri giriş sözü ilə açan Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru ədliyyə kapitanı Nizami Nəcəfov tədbirin əhəmiyyətindən danışıb, Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında narkomaniyaya qarşı aparılan genişmiqyaslı mübarizə tədbirləri və görülən işlər haqqında məlumat verib.

Sonra Məhkəmə Ekspertizası Mərkəzinin Fiziki–kimyəvi və bioloji ekspertizalar bölməsinin rəisi kiçik ədliyyə müşaviri Bayram İsmayılov “Ağ ölümə qarşı mübarizə”, həmin bölmənin böyük eksperti III dərəcəli ədliyyə qulluqçusu Zəka Qurbanov “Narkomaniya və onun fəsadları” və Psixoloji ekspertiza bölməsinin rəisi II dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcov “Narkotik vasitələrin və psixotropmaddələrin insan psixologiyasına təsiri” mövzularında çıxış ediblər.

Çıxışlarda bəşəriyyəti böyük təhlükə qarşısında qoyan və başlıca bəlaya çevrilən narkomaniyanın insan orqanizminə, səhhətinə, sağlamlığına və mənəviyyatına ağır zərbə vurmasından və ona qarşı aparılan mübarizə tədbirlərindən bəhs edilib. Bildirilib ki, narkomaniya ilə mübarizə uzunmüddətli və çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Ölkəmizdə insan amilinin dövlət siyasətinin əsası olduğunu vurğulayan məruzəçilər bu istiqamətdə narkomanlığa qarşı dövlət səviyyəsində aparılan tədbirlərin müsbət nəticə verməsindən, eyni zamanda bu məsələdə dövlətlə birlikdə cəmiyyətin, vətəndaşların, ictimai qurum və təşkilatların, media subyektlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıblar.

Sonda iştirakçılar narkomaniyanın fəsadlarına həsr olunan videoçarxa baxıblar.