“Muxtariyyət tarixində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarında görüləcək işlərə dair tədbirlər planına uyğun olaraq nazirliyin təşkilatçılığı ilə “Muxtariyyət tarixində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu” mövzusunda yığıncaq keçirilib.
Yığıncaqda ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyət statusunun siyasi-hüquqi əsasları” mövzusunda çıxış edib. Naxçıvana muxtariyyət statusunun iki əlamət üzrə - milli və beynəlxalq səviyyədə verildiyini xatırladan akademik 1921-ci ildə keçirilən referendum və Moskva müqaviləsindən söz açıb. İsmayıl Hacıyev çıxışında tarixi zərurətdən yaranan muxtariyyət və onun qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini iştirakçıların diqqətinə çatdırıb.
Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini cənab Hüseyn Səfərov “Azad vətəndaş cəmiyyətinin formalaşması demokratik dəyərlərə verilən önəmin təzahürüdür” mövzusunda çıxış edərək bildirib ki, ölkəmiz müstəqillik əldə etdiyi dövrdən bu yana demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti, eləcə də demokratik və hüquqi dövlət quruculuğu istiqamətində yüksək səviyyədə nailiyyətlər əldə edilib. Vurğulanıb ki, ilk vaxtlar fəaliyyət dairəsi əsasən Bakı şəhərini əhatə edən vətəndaş cəmiyyəti institutları bu gün ölkəmizin hər yerində o cümlədən, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da demokratikləşməşmə prosesində iştirak edir, müxtəlif layihə və proqramlar həyata keçirir.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi nailiyyətdir” və Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi ictimai birliyinin sədri Esmira Tağıyevanın “100 illik muxtariyyət tarixində Heydər Əliyev və həmrəy vətəndaş cəmiyyəti” mövzularında çıxıları dinlənilib.
Tədbirdə Naxçıvanın muxtariyyətinə gedən tarixi yoldan bəhs edən videomaterial izlənilib.