Muxtar respublikada taxıl biçininə start verilib
İyunun 9-da muxtar respublika üzrə mövsümün ilk taxıl biçininə Ordubad rayonunun Dəstə kəndindən başlanılıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Dəstə kəndində fermer təsərrüfatında olub, əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev və kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova aidiyyəti üzrə məlumat veriblər.
Bildirilib ki, taxıl biçininin idarə olunması üçün Kənd Təsərrüfatı Nazirliyində Mərkəzi Qərargah yaradılıb. Biçinin vaxtında və keyfiyyətlə aparılması məqsədilə texnika və avtomobillər hazır vəziyyətə gətirilib. Biçin dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmini ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qrupları xidmət aparır. Ümumilikdə, bu il muxtar respublikada 21 min 247 hektar sahədə taxıl əkilib. Onun 485 hektarını yaz əkinləri təşkil edir. Ordubad rayonu ərazisində isə 856 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 85 hektarı buğda, 771 hektarı arpa əkinləridir. Təkcə Dəstə kəndində 389,45 hektar sahədə payızlıq taxıl əkini aparılıb ki, bunun 9,5 hektarı buğda, 379,95 hektarı isə arpa olub. Rayonda əkilən taxıl sahəsinin təqribən 50 faizi Dəstə ərazisindədir. Qeyd olunub ki, Zamin Hüseynova məxsus əkin sahəsi əkindən öncə və sonra 3 dəfə suvarılıb, azot gübrəsi verilib.
Səlahiyyətli nümayəndə aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.
Sonra fermer Zamin Hüseynovun əkin sahəsində taxıl biçininə başlanılıb.