...

Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir

30-11-2023 | 12:41

Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ümummilli lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi. Anadan olmasının 100-cü ildönümündə ümummilli lider Heydər Əliyevin xalqımızın və dövlətimizin tərəqqisinə verdiyi töhfə böyük qürur və fəxarətlə xatırlanır, onun yubileyinin qeyd edilməsinə həsr edilən silsilə tədbirlər keçirilir. Bu çərçivədə noyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti tədbir əməkdaşların iştirakı ilə “Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir” mövzusunda keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Penitenisar Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov 2023-cü ilin Heydər Əliyev ili elan olunmasının mahiyyəti barədə danışıb. Qeyd edib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.

Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru Nizami Nəcəfov dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın dövlətçilik ənənələrinin bərpasında, hüquqi dövlət quruculuğunda gördüyü işlərdən, uğurlu daxili və xarici siyasətdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev qətiyyəti ilə öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Bu gün ulu öndərin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadirdir. Bu, 44 günlük Vətən Müharibəsində qazandığımız Şanlı qələbəmizlə öz təsdiqini tapıb, beynəlxalq müstəvidə artan nüfuzumuzla sübut olunub.