...

Milli Qurtuluş Günündə Naxçıvanda Heydər Məscid kompleksi istifadəyə verilib

16-06-2023 | 09:52

15 İyun – Milli Qurtuluş Günündə Naxçıvan şəhərində Heydər Məscid kompleksi istifadəyə verilib.

Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, digər rəsmi şəxslər və dindarlar iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxış edərək bildirib ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin dini həmrəylik ideyaları və dövlət-din siyasəti uğurla davam etdirilir. Ölkəmiz müstəqillik qazandıqdan sonra muxtar respublika ərazisində 74 məscid tikilib, 95 məscid yenidən qurulub və ya bərpa olunub. Hazırda bir yeni məscidin inşası və 2 imamzadə binasında bərpa işləri davam etdirilir. Ümumilikdə, muxtar respublika ərazisində 214 məscid fəaliyyət göstərir. Bu gün Naxçıvanda ölkəmizin ən böyük məscid binasının istifadəyə verilməsi muxtar respublika həyatında çox əlamətdar və tarixi gün kimi dindarların sevincinə səbəb olub.

Sonra “Quran-i Kərim”dən ayələr oxunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, “Heydər Əliyev ili” çərçivəsində bu məscidin istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Səlahiyyətli nümayəndə qeyd edib ki, ulu öndərimiz hər zaman İslami dəyərlərə hörmət və ehtiramla yanaşıb. Sovet İmperiyasının buxovlarına baxmayaraq, ümummilli lider Heydər Əliyev məscidləri, dini ziyarətgahlarımızı qoruyub, ziyarət edib, dini-mənəvi dəyərlərimizi yaşadıb və sonrakı dövrlərdə inkişafına xüsusi diqqət göstərib.

Vurğulanıb ki, Şərqdə ilk demokratik, tolerant, dünyəvi və dini dəyərləri özündə ehtiva edən Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəil Azərbaycanda əcdadlarımızın formalaşdırdığı dini-mənəvi dəyərlər bu gün də yaşadılır. Tolerant ənənələrə sadiqlik xalqımızın qoruyub yaşatdığı ən gözəl dəyərlərdəndir. Dünyada islamafobiyanın, dini ayrıseçkiliyin dərinləşdiyi dövrümüzdə ölkəmizin hər yerində müxtəlif dinlərin nümayəndələri qardaşlıq prinsipləri şəraitində rahat yaşayır. Xalqımız hər addımında dünyaya əsl mədəni sivilizasiya və tolerantlıq nümunəsi təqdim edir.

Fuad Nəcəfli yeni məscid kompleksini ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın dini-mənəvi dəyərlərinə verdiyi qiymətin daha bir ifadəsi kimi dəyərləndirib, açılış münasibəti ilə dindarları təbrik edib.

Səlahiyyətli nümayəndə məscidə müqəddəs kitabımız “Quran-i Kərim” hədiyyə edib.

Babək Rayon Dini İcmasının Sədri Qasım Qasımov dindarlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Səlahiyyətli nümayəndə dindarlarla söhbət edib, dini-mənəvi dəyərlərin düzgün təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra məscid kompleksinə baxış olub.

Məlumat verilib ki, Naxçıvanaqala tarixi abidəsinin yaxınlığında, Şərq memarlıq məktəbi üslubunda ucaldılan yeni məscid kompleksinin ümumi ərazisi 82 min 250 kvadratmetrdir. Məscidin minarələrinin hündürlüyü 38, günbəzlərinin hündürlüyü isə 14 metrdən artıqdır. Binanın daxilində müqəddəs “Quran-i Kərim”dən ayələr həkk olunub. Burada eyni vaxtda 5 min nəfər ibadət edə biləcək. Ərazidə kişilər və qadınlar üçün ayrıca ibadət və dəstəmaz otaqları və mərasim evləri istifadəyə verilib. Kompleksin ərazisində Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün inzibati binalar da tikilib.

Bu gün məsciddə ilk namazlar qılınıb, ehsan süfrələri açılıb, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub.

Sonda xatirə şəkli çəkdirilib.