...

Milli Qurtuluş günü ədliyyə orqanlarında geniş qeyd olunub

14-06-2023 | 18:07

Müstəqillik tariximizdə ölkəmizin və xalqımızın bu günü və gələcəyi üçün müstəsna əhəmiyyət daşıyan və bu il 30-cu ildönümü qeyd olunan ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışının – Milli Qurtuluş Gününün tarixi önəmi illər ötdükcə daha aydın dərk olunur.

1993-cü il iyunun 15-də xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev misilsiz fədakarlıqla milli dövlətçiliyimizi məhv olmaqdan qurtarmış və müstəqilliyimizin dönməzliyini, ölkəmizin gələcək inkişafını təmin etmişdir.

Builki bayram ölkə Prezidenti tərəfindən elan olunmuş “Heydər Əliyev İli”ndə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə ikiqat əlamətdar.

Milli Qurtuluş Günü münasibətilə Ədliyyə Nazirliyində və bütün struktur qurumlarda silsilə tədbirlər keçirilib, əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu ərəfədə qulluğa qəbul olunan və böyük əksəriyyətini gənclər təşkil edən yeni əməkdaşlarla ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Gənclər əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül səbəti qoyub, dərin ehtiramlarını bildiriblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər düzülüb.

Nazirlikdə keçirilən tədbirdə gəncləri əlamətdar yubiley ilində qulluğa qəbul olunmaları münasibətilə təbrik edən ədliyyə naziri ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından danışıb, gənclərə qayğısını qeyd edib.

Bildirib ki, Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində milli, o cümlədən hərbi kadrların yetişdirilməsi, gənclərin hərtərəfli inkişafı üçün əvəzsiz xidmətlər göstərib. Bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb.

Ulu Öndərin təməlini qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, ölkəmizdə milli məfkurəyə sadiq, müasir dünyagörüşlü, dərin vətənpərvər ruhlu yeni nəsil formalaşıb, könüllülük hərəkatı geniş vüsət alıb. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər həyata keçirilir.

Nazir ölkə gənclərinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Vətən müharibəsində qazanılmış Böyük Qələbəmizi xüsusi qeyd edib, onların, o cümlədən ədliyyə işçilərinin döyüşlərdə fədakar iştirakından danışıb, yeni təyinat alanlar sırasında müharibə iştirakçılarının olmasını vurğulayıb. Həmçinin, azad edilmiş ərazilərimizdə aparılan misilsiz quruculuq işlərindən bəhs edib, ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verərək, bu ərəfədə tətbiq olunan növbəti yenilikləri – vətəndaşların ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığının asanlaşdırılmasına xidmət edən “Elektron məhkəmə” sisteminin artıq ölkə üzrə tam əhatə olunduğunu, nazirlik tərəfindən “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) rəqəmsal innovasiyanın əhalinin istifadəsinə verildiyini diqqətə çatdırıb.

Görüşdə “Heydər Əliyev İli”ndə ədliyyə orqanlarında Ulu Öndərin çoxşaxəli irsinə həsr olunan tədbirlərə toxunularaq diqqətə çatdırılıb ki, hər bir ədliyyə işçisi, o cümlədən gənclər Heydər Əliyev irsini daim öyrənərək ondan bəhrələnməlidir.

Nazir ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, məmnunluğun təmin olunması, etik davranış qaydalarına dönmədən əməl edilməsi ilə bağlı tələblərini daim rəhbər tutmalarını vurğulayaraq, yeni təyinat alanlara hər zaman dövlətçiliyə sadiq olmalarını, bilik və bacarıqlarını inkişaf etdirərək xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirmələrini tapşırıb, onlara uğurlu fəaliyyət arzulayıb.

Çıxış edən gənclər “Heydər Əliyev İli”ndə, bu əziz bayram günündə qulluğa qəbul olunmalarından böyük qürur hissi keçirdiklərini bildirib, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq, ölkə Prezidentinin ətrafında sıx birləşib doğma Azərbaycanımızın çiçəklənməsi naminə sədaqətlə xidmət edəcəklərini, şərəfli ədliyyə işçisi adını daim uca tutacaqlarını vurğulayıblar.

Yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr təqdim edilib.

Milli Qurtuluş Günü ərəfəsində ədliyyə naziri tərəfindən respublikamızın bölgələrində olarkən keçirilən tədbirlərdə dahi şəxsiyyətin misilsiz xidmətlərindən və xilaskarlıq missiyasından, Ulu Öndərin bərqərar etdiyi müasir ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan, dövlət başçısının xüsusi önəm verdiyi elektron və rəqəmsal innovasiyaların bu sahədə geniş tətbiqindən bəhs olunub.

Bayram münasibətilə həmçinin, nazirliyin əməkdaşları tərəfindən Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalarla tanışlıq olub, Heydər Əliyev irsi barədə mühazirələr oxunub, mətbuatda çıxışlar edilib, nazirlikdə Ümummilli Liderə həsr olunan filmlər, foto-slaydlar nümayiş etdirilib.