...

Mərkəzin eksperti ali təhsil ocağında təlim keçib

14-10-2024 | 15:53

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin rəis müavini, kiçik ədliyyə müşaviri Emin Əliyev “ELSA” “Gənc Hüquqşünasların İnkişaf Proqramı” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsində təşkil olunmuş tədbirdə “Kriminalistikanın yaranma tarixi, inkişafı və müasir imkanları” mövzusunda slayd vasitəsi ilə təlim keçib.

Təlimdə kriminalistikanın yaranması, inkişafı və müasir imkanlar barədə məlumat verilib, izlərin qeyri-ixtiyari şəkildə müəyyən olunmasının tarixi kökləri və günümüzə qədər gəlib çıxmış metodlarından bəhs edilib. Avropada, Amerikada və Asiya ölkələrində kriminalistik biliklərin meydana gəlməsi, inkişafı və müasir vəziyyəti dinləyicilərin diqqətinə çatdırılıb. Həmçinin Azərbaycanda kriminalistik tədqiqatların aparılmasında və Kriminalistika elminin inkişafında böyük rolu olmuş kriminalist alimlərin gördükələri işlər, apardıqları tədqiqatlar haqqında iştirakçılar maarifləndirilib. Emin Əliyev müasir dövrdə kriminalistik metod, üsul və vasitələrin, hazırda dünya təcrübəsində və respublikamızda istifadə olunan müasir avadanlıqların iş prinsipi barədə məlumat verərək, baş vermiş bir sıra cinayətlərin xarakteristikası, açılması və qarşısının alınmasında təcrübəyə söykənən praktiki məsələlərlə yanaşı, bir sıra profilaktiki proseslərin həyata keçirilməsinin metodikası barədə də dinləyicilərə geniş məlumat verib.

Təlimdə ölkəmizdə aparılan ekspertizaların növü və ekspert ixtisas sahələrini əhatə edən nəzəri və praktiki biliklər, hazırda istifadə olunan texniki kriminalistik avadanlıqlar slayd vasitəsi ilə təqdim olunub, dinləyiciləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda təşkilatçılar tərəfindən təlimçi Emin Əliyevə “Təşəkkürnamə” təqdim olunub.