Məhkumların sağlamlığının qorunması diqqətdə saxlanılır
İnsan Hüquqları Aylığı çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların sağlamlığının qorunması və yoluxucu xəstəliklərin erkən aşkarlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi və Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin həkim və tibb işçiləri tərəfindən tibbi müayinə aparılıb.
Əvvəlcə Qadın məhkumlar bölməsi, Yetkinlik yaşına çatmayan məhkumlar bölməsi, eləcə də Ümumi və Ciddi rejim bölmələrində maarifləndirmə görüşləri təşkil olunub. Görüşlərdə sağlam həyat tərzinin əhəmiyyəti, yoluxucu xəstəliklərdən qorunma üsulları, tibbi müayinələrin vacibliyi və şəxsi gigiyena qaydaları barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Maarifləndirmə tədbirlərinin davamı olaraq müəssisədə məhkumlardan laborator müayinələr üçün qan nümunələri götürülüb. Aparılan müayinələrin əsas məqsədi məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, mümkün xəstəliklərin vaxtında aşkarlanması və zəruri tibbi tədbirlərin görülməsindən ibarət olub.
Qeyd edək ki, penitensiar müəssisələrdə məhkumların sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq profilaktik və maarifləndirici tədbirlər həyata keçirilir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |




