Məhkumların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün hüquqi maarifləndirmə tədbiri keçirilib.
Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Nizami Nəcəfov tədbiri giriş sözü ilə açaraq tədbirin keçirilməsinin məqsəd və əhəmiyyətindən danışıb.
Sonra Müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramova və baş məsləhətçisi Həsən Həsənov çıxış ediblər. Çıxışlarda məhkumlara cəzaların icrası və çəkilməsi zamanı onların ən mühüm hüquqi təminatlarından biri olan qohumları, vəkilləri və digər şəxslərlə görüşləri, habelə telefon danışıqları verilməsinə dair qanunvericilikdə müəyyən olunmuş qaydalar barədə məlumat verilib.
Sonda mövzu ilə bağlı məhkumları maraqlandıran suallar cavablandırılıb.