...

Məhkumlarda qarşıya çıxan situativ problemlər və onların həlli yolları müzakirə edilib

23-12-2023 | 11:28

Psixoloji yardımın vacibliyi, məhkum və saxlanılan şəxslərə psixoloji dəstəyin göstərilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin daim diqqət mərkəzindədir. Bu məqsədlə dekabrın 19-da nazirliyin Penitensiar Xidməti ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında birgə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müsəsisəsində “Məhkumlarda qarşıya çıxan situativ problemlər və onların həlli yolları” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov məhkumların cəza çəkdiyi müddət ərzində rastlaşdığı ümumi psixoloji problemlər barədə məlumat verib, tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Sonra Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri Fariz Səyyadov, Valeh Fərəcov, Seyran Məmmədova və Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev çıxış edib. Çıxışlar “Depressiya halının yaranması səbəbləri və onun qarşısının alınması”, “Şəxsiyyətlərarası münasibətlərin qarşılıqlı anlama problemi” və “Qarşıya çıxan situativ problemlərin aradan qaldırılmasının psixoloji əsasları” mövzularında olub.

Məruzəçilər məhkumlarda yaranmış psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya ilə bağlı məlumat verib. Psixoloji profilaktika və maarifləndirmə zamanı məhkumlarla psixi sağlamlıq və psixoloji rifah halı, həmçinin bir sıra psixoloji problemləri yaradan amillər və onların aradan qaldırılması istiqamətində vacib olan məqamları diqqətə çatdırıblar.

Tədbirdən sonra cəza çəkən kişi və qadın məhkumlarla həm də fərdi şəkildə psixoloji, tərbiyəvi, profilaktiki söhbətlər aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.