...

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə həsr olunan tədbir keçirilib

26-11-2024 | 16:18

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə noyabrın 26-da Şahbuz şəhərində “Bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə  iş  mərkəzinin  rəisi Xəyal Eyvazov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” mövzusunda  çıxış edərək qeyd edib ki, cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas faktorlardan biri kimi korrupsiya müasir dövrümüzdə dünyanı narahat edən problemlərdəndir. Korrupsiyanın mövcudluğu ümumbəşəri və milli dəyərləri sarsıtmaqla hüquqi və demokratik dövlət quruculuğuna, cəmiyyətin mütərəqqi inkişafına mənfi təsir göstərir, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradır.

Sonra Mərkəzin əməkdaşı Həbib Quliyev “Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda   və digər çıxış edənlər “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş əsas məqamları diqqətə çatdırıblar. 

Vurğulanıb ki,  Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.  

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.