...

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə həsr olunan maarifləndirici tədbir keçirilib

13-03-2024 | 12:51

Martın 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunun Şəkərabad kəndində maarifləndirici tədbir keçirilib. Rayon üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə keçirilən tədbir “Bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusuna həsr edilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə  iş  mərkəzinin  rəisi Xəyal Eyvazov “Bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” və onun əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, Milli Fəaliyyət Planında müəyyən edilmiş tapşırıqlar yerli özünüidarəetmənin bir sıra aktual problemlərinin həllinə, yerli büdcə gəlirlərindən istifadə sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına, bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində innovativ üsulların tətbiq olunmasına, bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılmasına yönəlmişdir.

Sonra şöbənin əməkdaşı Rövşən Mirzəyev “Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda çıxış edib,  “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş əsas məqamları diqqətə çatdırıb. Vurğulanıb ki, bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirir və bu sahədə məsuliyyət daşıyırlar.  Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.  

Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.