...

Kəngərli rayonunda tikinti sahəsində qanunvericiliyə dair maarifləndirici tədbir keçirilib

16-03-2026 | 17:57

Kəngərli rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Tikinti sahəsində qanunvericiliyin tələbləri və qanunsuz tikililərin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə aidiyyəti qurumların nümayəndələri və rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sektor müdiri Ziya Əliyev çıxış edərək tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi Reyhan Sadiqova tikinti sahəsində mövcud qanunvericilik tələbləri, vətəndaşların və aidiyyəti qurumların bu sahədə hüquq və vəzifələri barədə iştirakçılara məlumat verib.

Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Ramin Əsədov çıxışında şəhərsalma qaydaları, tikinti işlərinin aparılması üçün tələb olunan icazələr və layihələndirmə prosesinin əhəmiyyəti barədə danışıb. O, qanunsuz tikililərin şəhərsalma mühitinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin əməkdaşı Həbib Quliyev isə bələdiyyələrin tikinti sahəsində səlahiyyətləri, torpaq münasibətlərinin tənzimlənməsi və qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Belə maarifləndirici tədbirlər tikinti sahəsində qanunvericiliyin düzgün tətbiqi və qanunsuz tikililərin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.