...

İstehsalat təcrübəsinə başlanılması ilə əlaqədar tədbir keçirilib

21-02-2024 | 16:49

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış “2023-2024-cü tədris ilində tələbələrin nazirlikdə təcrübə keçmələrinə dair Müqavilə”yə əsasən universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasında əyani təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində istehsalat təcrübəsinə başlayıblar.

Bu münasibətlə keçirilən tədbirdə Ədliyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov tələbələrlə görüşüb. Nazir müavini nazirliyin fəaliyyət istiqamətləri və strukturu haqqında tələbələrə ətraflı məlumat verib. Qeyd edib ki, istehsalat təcrübəsi dövründə ədliyyə fəaliyyəti ilə tanışlıq onların bilik və bacarıqlarının artırılmasında və peşə seçimində əhəmiyyətli rol oynayacaq, eləcə də gələcəkdə tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərinin praktiki şəkildə mənimsənilməsinə müsbət təsir göstərəcəkdir.

Həmçinin təcrübə müddətinin daha maraqlı və səmərəli olması, əldə edilmiş biliyin tətbiqi təcrübəsinin formalaşdırılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun vahid təcrübə yaradan və ədliyyə fəaliyyətində tətbiq edilən bəzi qərarlarının öyrənilib, birgə müzakirəsini keçirməyi təklif edib. Tələbələr bunu maraqla qarşılayıblar.

Daha sonra nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, universitetin müəllimi Səttar Zamanov istehsalat təcrübəsin təşkil edilməsinin məqsəd və prinsipləri barədə məlumat verib. Qeyd edib ki, təcrübə müddətində tələbələr nazirliyin aparatında və tabe qurumların şöbə və bölmələrində olacaq, nazirlik tərəfindən tərtib olunmuş təcrübə proqramı üzrə məşğələlərdə iştirak edəcək, nazirliyin iş prinsipi ilə yaxından tanış ediləcəklər.

Sonra Universitetin Hüquq fənləri kafedrasının müəllimi Elman Abbasov çıxış edərək təcrübə kursunun vacibliyi və əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, təcrübənin keçirilməsinin əsas məqsədi tələbələrin peşə bacarıqlarının əldə edilməsi və təkmilləşdirilməsi, nəzəri biliklərinin təkrarlanması və təcrübədən alınan biliklərlə zənginləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsindən ibarətdir.

Sonda tələbələrə tərtib olunmuş təcrübə proqramı təqdim edilib.