...

İlkin tibbi yardımın təşkilinə dair təlim-treninq keçirilib

20-07-2023 | 17:32

İyulun 20-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin  və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə ekstremal vəziyyətlərdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinə dair təlim-treninq keçirilib. Xidmətin cəzaçəkmə müəssisələrində və Mühafizə Taburunda xidmət aparan əməkdaşlar üçün keçirilən təlim-treninq həkiməqədər ilikin tibbi yardım qaydalarının təşkilinə həsr olunub.

Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əli Rəhimov tədbirin məqsəd və prinsipləri barədə məlumat verərək bildirib ki, xidmətdə aparan əməkdaşın hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını alması üçün ilkin tibbi yardım bacarağı olmalıdır.

Səhiyyə Nazirliyi tərəfindən təhkim olunmuş həkimlər bildiriblər ki,  hadisə yerində  bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır  fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.

Sonra həkimlər əməkdaşlara ürəkkeçmə, qanaxma və müxtəlif travmalar zamanı həkiməqədər təcili və təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi qaydalarını əyani şəkildə izah edib  və əməkdaşları maraqlandıran suallara ətraflı aydınlıq gətiriblər.