...

İcra və Probasiya Xidmətinin 2024-cü ildə fəaliyyəti, 2025-ci ildə qarşıda duran vəzifələr və görüləcək işlər müzakirə olunub

09-01-2025 | 10:10

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində İcra və Probasiya Xidmətinin və yerli icra və probasiya qurumlarının əməkdaşlarının iştirakı ilə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində 2024-cü ildə görülmüş işlər və 2025-ci il üçün qarşıda duran vəzifələrə dair tədbir keçirilib.

Tədbirdə çıxış edən İcra və Probasiya Xidmətinin rəisi İntiqam Vəliyev hesabat dövründə görülən işlər barədə məlumat verib. O vurğulayıb ki, məhkəmə qərarları icra və probasiya qurumlarına daxil olduğu andan qanunvericiliyin tələblərinə uyğun icra hərəkətləri həyata keçirilir. İcra sənədlərinin bütün kateqoriyalarına həssaslıqla yanaşılır, tərəflərlə aparılan profilaktik söhbətlər zamanı onların öhdəliklərini məsuliyyətlə yerinə yetirmələri tövsiyə olunur.

İntiqam Vəliyev qeyd edib ki, icradan yayınan və ya icra məmurlarının qanuni tələblərinə əməl etməyən borclular barəsində qanunvericilik çərçivəsində təsirli tədbirlər görülür və sənədlərin icrası tam başa çatdırılmalıdır. Həmçinin Probasiya sahəsi üzrə barələrində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş məhkumların  islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirilməsi qeyd edilmişdir. 

Müzakirələrdə İstintaq Bölməsinin rəisi Asət Mirzəyev, İcra Şöbəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Rahib Səfərov və Probasiya Şöbəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Yunis Məmmədov çıxış edərək, öz sahələrinə aid məsələlərdən danışıblar.

Tədbir çərçivəsində yerli icra və probasiya qurumlarının rəhbərləri dinlənilib. Onların üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunub. Tədbirin sonunda 2025-ci il üçün görüləcək işlərlə bağlı konkret tapşırıqlar verilib.