...

İcra nümayəndələri üçün seminar keçirilib

09-08-2023 | 16:21

Avqustun 08-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti maarifləndirici seminar Şahbuz Şəhər Mərkəzində inzibati ərazi dairələri üzrə nümayəndəliklərin səlahiyyətli şəxslərinin iştirakı ilə keçirilib.

Seminarı giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Əli Əliyev açaraq mövzunun mahiyyəti barədə məlumat verib və təşkil edilən maarifləndirici seminarların əhəmiyyətini diqqətə çatdırıb.

Sonra nazirliyin Notariat bölməsinin rəisi Zülfü İsmayılov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi vəzifələrini icra edən Reyhanə Əsgərova “Doğumun qeydiyyatı zamanı müddət gecikməsi hallarının qarşısının alınmasına dair qanunvericiliyin tələbləri” və Şahbuz rayon Notariat Ofisinin notariusu Şəhriyar Kərimli “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzularında çıxış ediblər.

Çıxış edənlər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinin, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinin və nöqsanlara yol verilməməsinin vacibliyi barədə məlumat veriblər. Qeyd olunub ki, yerli icra nümayəndəliklərinin vəzifəli şəxsləri tərəfindən doğumun, ölümün, nikahın qeydiyyatı, eyni zamanda notariat hərəkətləri aparılarkən qanunvericiliyin tələblərinə əməl edilməli, kargüzarlıq qaydaları qorunmalıdır.

Seminarın sonunda verilən suallar cavablandırılıb və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin səlahiyyətli şəxslərinə “Ananın ünvanına göndərilən bildiriş nümunələri” paylanılıb.