...

Dəm qazı təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib

24-11-2026 | 17:52

Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşəbbüsü ilə “Məişətdə dəm qazı təhlükəsizliyi: səbəblər, risklər və qorunma yolları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd əhalinin dəm qazı təhlükəsi ilə bağlı məlumatlılığını artırmaq, bədbəxt hadisələrin qarşısının alınmasına töhfə vermək və təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyini diqqətə çatdırmaq olub.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova giriş sözü ilə çıxış edərək məişətdə dəm qazı ilə mübarizədə əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları - baş ədliyyə müşaviri Faiq Səfərov və kiçik ədliyyə müşaviri Turqay Həşimli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları – Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov və Mühəndis-texniki ekspertizası bölməsinin aparıcı eksperti Şahin Rəhimov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mircamal Seyidov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Nəzrin Əliyeva, “Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin əməkdaşı Əli Hüseynov mövzu ətrafında çıxış ediblər.

Çıxışçılar dəm qazı təhlükəsinin hüquqi, texniki və tibbi aspektlərinə toxunaraq qaz cihazlarından düzgün istifadə, havalandırma sistemlərinin işlək vəziyyətdə saxlanılması, təhlükə zamanı görülməli tədbirlər və zəhərlənmə hallarında ilkin tibbi yardımın göstərilməsi barədə məlumat veriblər.