"Heydər Əliyev Azərbaycanda hüquq islahatlarının banisidir" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində hüquqi maarifləndirmə tədbiri keçirilib. Şəxsi heyətin iştirakı ilə keçirilən tədbir "Heydər Əliyev Azərbaycanda hüquq islahatlarının banisidir" mövzusuna həsr edilib.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru ədliyyə kapitanı Nizami Nəcəfov açaraq tədbirin keçirilməsinin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Sonra İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşları Vahidə Bayramova və Rəmzi Həsənov çıxış ediblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsindəki xidmətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin apardığı demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulmuşdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz töhfəsini verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.