...

Hərbi sürücülər üçün seminar keçirilmişdir

02-12-2024 | 15:51

Noyabrın 29-da Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Hərbi Prokurorluğunun birgə təşkilatçılığı ilə “Hərbi sürücülərin texnika və nəqliyyat vasitələrinin hava, yaxud yol şəraitinə uyğun idarə olunmasının aktual problemləri” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Məhəmməd Həşimov, Valeh Fərəcov və Asif Mahmudov çıxış edərək qeyd ediblər ki, il ərzində ölkəmizdə 2000-nə qədər yol-nəqliyyyat hadisələri baş verir və bu insan həyatının itirilməsi ilə yanaşı, böyük maddi ziyanın meydana gəlməsinə də səbəb olur. Vurğulanıb ki, yol-nəqliyyyat hadisələrinin baş vermə səbəblərinin 76 faizi sürücülərin  üzərinə düşür. Bu hadisələrə digər səbəblərlə yanaşı, insanın psixoloji vəziyyəti yorğunluq, yuxusuzluq, aqressivlik kimi amillər də təsirsiz ötüşmür.

Sonra Naxçıvan hərbi prokurorunun köməkçisi Vilayət Seyidov və digər çıxış edənlər  mövzu ilə bağlı vacib məqamlara toxunaraq xidməti vəzifələrin yerinə yetirilməsi zamanı yol hərəkəti qaydalarına əməl edilməməsi nəticəsində insan həyatının itirilməsi, hərbi texnikanın sıradan çıxması və yaranan hüquqi məsuliyyəti diqqətə çatdırıblar. Bildirilib ki, sürücülər nəqliyyat vasitələrini idarə edərkən yol şəraitini qiymətləndirməli, nəqliyyat vasitəsinin xüsusiyyətlərinə uyğun hərəkət sürəti seçməlidirlər.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb, təklif və tövsiyələr dinlənilib.