...

Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardım göstərilməsi ilə bağlı tədbir keçirilib

06-11-2026 | 15:18

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Məhkəmə Ekspertizası Mərkəzi və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Giriş sözü ilə çıxış edən Penitensiar Xidmətin Tərbiyə işinin təşkili bölməsinin rəisi, ədliyyə polkovnik-leytenantı Rəşad Cəlilov tədbirin əhəmiyyətindən danışaraq məhkum olunmuş şəxslərin hüquqlarının qorunması, onların psixoloji vəziyyətinin yaxşılaşdırılması və cəmiyyətə yenidən inteqrasiyası baxımından bu cür görüşlərin vacibliyini vurğulayıb.
Sonra Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza bölməsinin rəisi Fariz Səyyadov məhkum olunmuş şəxslərə psixoloji dəstəyin göstərilməsi, psixoloji çətinliklərin aradan qaldırılması və fərdi yanaşmanın əhəmiyyəti barədə məlumat verib.
Vəkillər Kollegiyasının vəkili Nəmət Cəfərov isə məhkumların hüquq və vəzifələri, qanunvericiliklə müəyyən edilmiş hüquqi təminatlar və hüquqların müdafiəsi mexanizmləri haqqında çıxış edib.
Tədbirin sonunda Məhkəmə Ekspertizası Mərkəzinin psixoloqları və Vəkillər Kollegiyasının nümayəndələri tərəfindən məhkum olunmuş şəxslərlə fərdi qaydada görüşlər keçirilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.