“Fərdi sosial iş” layihəsinin tətbiqinə başlanılıb
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi noyabrın 29-dan etibarən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Fərdi sosial iş” layihəsinin icrasına başlayıb.
Layihənin təşkilində məqsəd şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərin cəmiyyətə sosial-psixoloji adaptasiyasına dəstək göstərməkdir.
Layihə çərçivəsində “Sosial xidmətlər haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən, probasiya nəzarətində olan sözügedən şəxslərin rastlaşa biləcəyi sosial problemlərin həlli ilə bağlı tövsiyə və məsləhətlər veriləcək, hüquq və vəzifələrinin həyata keçirilməsi istiqamətində hüquqi maarifləndirmə işləri aparılacaqdır.