...

Əliabad qəsəbəsində tikinti sahəsi ilə bağlı maarifləndirici tədbir keçirilib

26-05-2026 | 12:25

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasında tikinti sahəsində qanunvericiliyin tələbləri və qanunsuz tikililərin qarşısının alınması mövzusuna həsr olunmuş növbəti maarifləndirici tədbir Naxçıvan şəhər Əliabad qəsəbəsində keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə əvvəlcə keçirilən belə maarifləndirici görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Sabit Abdullazadə və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinin əməkdaşı Həbib Kərimov tikinti işləri zamanı normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vacibliyindən, qanunsuz tikililərin qarşısının alınmasının əhəmiyyətindən, həmçinin tikililərin hüquqi statusunun müəyyənləşdirilməsi və bu sahədə tətbiq olunan prosedurlar barədə geniş məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki eksperti Həsən Babayev isə çıxışında tikinti sahəsində ekspertiza prosesləri, qanunsuz tikililərin aşkar olunması və bunun hüquqi nəticələri haqqında danışıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.