...

"Ekspertizanın xüsusiyyətləri" mövzusunda seminar müşavirə keçirilib

30-10-2023 | 12:27

“Odlu silahın tətbiqi ilə baş verən hadisələr üzrə aparılan istintaq hərəkətləri, maddi sübutlarla davranış qaydaları, təyin edilmiş ekspertizaların xüsusiyyətləri” mövzusunda Naxçıvan Qarnizonu Hərbi Hospitalında seminar-müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Naxçıvan Hərbi Prokurorluğunun və Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzin əməkdaşları, tibb ekspertləri, hərbi hissələrin tibb personalı, istintaq və təhqiqat orqanlarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükütla yad edilib.

Məhəkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov muxtar respublikada məhkəmə ekspertizasının yaranması və inkişaf perspektivləri barədə məlumat verib.  Bildirib ki, Mərkəzin müasir avadanlıqlarla təmin edilməsi və xüsusi biliyə malik ekspertlərlə komplektləşdirilməsi nəticəsində ekspertiza işlərinin yüksək səviyyədə aparılması, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılması təmin edilir.

Sonra Naxçıvan Hərbi Prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Ramil Məmmədyarov qəsdən adam öldürmə, özünü öldürmə və digər odlu silahla törədilmiş hadisələr üzrə həyata keçirilən istintaq hərəkətləri barədə məlumat verib.

Tədbirdə Mərkəzin eksperti Səməd Şahtaxtinski “məhkəmə-ballistik ekspertizasının tədqiqat obyektləri ilə davranış qaydaları” mövzusunda slayd vasitəsilə çıxış edərək, məhkəmə-ballistik ekspertizasına tədqiqat obyekt kimi təqdim edilən geyim əşyalarının üzərlərində olan atəş zədələrinin hadisə baş verəndən sonra kəsilməsi, təhrif edilməsi, tamlığının pozulması hallarının yolverilməz olduğu, tədqiqat obyektlərinin belə vəziyyətə salınmasının ekspert qarşısında ekspertiza təyin edən orqanın və ya şəxsin qoyduğu sualların cavablandırlmamasına, bu da dolayısı ilə cinayət hadisəsinin açılmamasına, obyektiv gerçəkliyin ortaya çıxarılmamasına səbəb olduğu bildirmişdir.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Məmmədtağı İbrahimov “Canlı şəxslərin və meyitlərin bədənlərində olan odlu silah zədələrinin tibbi ekspertizasının xüsusuiyyətləri”ndən danışıb.

Sonda mövzularla bağlı suallar, təkliflər və şərhlər verilmiş, qarşılıqlı fikir mübadiləsi aparılıb.