...

Ekspert Türkiyə Respublikasında təlimdə olub

20-11-2024 | 17:47

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası istiqamətində aparılan işlər davam etdirilir. Ekspertlər Türkiyə Respublikasının müvafiq sahə ilə bağlı təcrübəsindən yararlanmaq məqsədilə 20 oktyabr - 15 noyabr 2024-cü il tarixlərində Ankara şəhərində Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığının Məhkəmə Ekspertizası İdarəsində təlimə cəlb ediliblər. Təlimdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ilə yanaşı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin eksperti də iştirak edib.

“Mobil cihazların tədqiqi”, “Digər rəqəmsal daşıyıcıların (yaddaş kartı, USB kartı və s.) tədqiqi”, “Rəqəmsal maşınlardan istifadə edilməklə aparılan tədqiqatlar” və “Pozulmuş rəqəmsal daşıyıcıların tədqiqi” adlı təlimdə  iştirakçılar tərəfindən əldə edilən nəzəri biliklər texnika üzərində əyani olaraq nəzərdən keçirilib. Təlim çərçivəsində ümumilikdə, rəqəmsal məhkəmə ekspertizası sahəsində ekspert hazırlığı, ekspertizaların təşkili, metodikalar, labaratoriyanın strukturu, bu sahədə istifadə olunan proqram təminatları və texniki vasitələr barəsində məlumatlar əldə edilib.

Təlim bitdikdən sonra Jandarma Baş Komandanlığının Məhkəmə Ekspertizası İdarəsinin rəisi tərəfindən təlimin yekunu ilə bağlı iştirakçılara sertifikatlar təqdim edilib.