...

Ədliyyə orqanlarına yeni qəbul olunmuş əməkdaşlar dövlət qurumlarında tanışlıq səfərlərində olublar

13-02-2026 | 20:00

Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqənin bütün mərhələlərini uğurla başa vurmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlim kursunu müvəffəqiyyətlə tamamlamış və bu günlərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarında andiçərək qulluğa qəbul edilmiş şəxslər üçün tanışlıq xarakterli görüşlər təşkil olunub.

Tanışlıq proqramı çərçivəsində iştirakçılar muxtar respublikada fəaliyyət göstərən bir sıra dövlət orqanlarında olaraq həmin qurumların iş prinsipi, fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar. İlk olaraq onlar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər qoyublar.

Əməkdaşlara Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Şəhər Məhkəməsində məhkəmə sisteminin təşkili, ədalət mühakiməsinin həyata keçirilməsi mexanizmləri və müasir məhkəmə infrastrukturu haqqında məlumat verilmiş, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda prokurorluq orqanlarının iş funksiyaları, prokuror nəzarətinin həyata keçirilməsinin xüsusiyyətləri diqqətə çatdırılmış, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında hüquqların müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətlər haqqında söhbət açılmışdır. 

Həmçinin “ASAN xidmət” mərkəzində göstərilən xidmətlərlə tanış olunub, vətəndaş məmnuniyyətinin təmin edilməsi istiqamətində tətbiq olunan yanaşmalar barədə məlumatlandırılıblar. Qarışıq rejimli cəzaçəkmə müəssisəsində keçirilən görüş zamanı isə penitensiar sistemin fəaliyyəti, məhkumların saxlanılma şəraiti, onların islahı və cəmiyyətə reinteqrasiyası istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Bu cür tanışlıq səfərlərinin məqsədi yeni qəbul edilmiş əməkdaşların dövlət idarəçiliyi sistemini daha dərindən mənimsəməsi, müxtəlif hüquq-mühafizə və xidmət qurumları arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə təsəvvürlərinin genişləndirilməsi, eləcə də onların gələcək fəaliyyətində peşəkar yanaşmanın formalaşdırılmasıdır.