Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib. Naxçıvan Muxtar Respublikasının və regional ədliyyə qurumlarının rəhbər şəxsləri tədbirə videokonfrans formatında qoşulublar.
İclasda çıxış edən nazir 2023-cü ilin Ümummilli Liderin 100 illiyi ilə xüsusilə əlamətdar olduğunu vurğulayaraq bu münasibətlə dövlət başçısı tərəfindən elan olunmuş “Heydər Əliyev İli”ndə Ulu Öndərin zəngin irsinə həsr olunan ölkəmizdə və xaricdə silsilə tədbirlərin keçirildiyini qeyd edib.
Bildirib ki, ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan dövləti bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə özünün qüdrətli dövrünü yaşayır, respublikamızın davamlı sosial-iqtisadi tərəqqisi təmin olunur, Vətən müharibəsində doğma torpaqlarımız işğaldan azad edilərək sürətlə bərpa edilir. Bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr həyata keçirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində azad edilmiş ərazilərimizdə hüquq institutlarının fəaliyyətinin təşkili üzrə zəruri işlər aparılır.
Eyni zamanda, cari ildə dövlət başçısının xarici səfərlərinin, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlərin Azərbaycanın uğurlu xarici siyasətinin təzahürü olduğu qeyd olunub, iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər görüşünün açılışında cənab Prezidentin çıxışının bütün dünya üçün mühüm əhəmiyyəti vurğulanıb.
Kollegiyada ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq məhkəmə-hüquq sistemində də islahatların davam etdirildiyi bildirilib, vətəndaşların ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığının asanlaşdırılmasına xidmət edən rəqəmsal innovasiyaların geniş tətbiqinə toxunulub. Ötən ay ölkə üzrə tam tətbiqi başa çatdırılmış “Elektron məhkəmə” informasiya sistemi barədə video-çarx nümayiş etdirilərək məlumat verilib ki, e-məhkəmə sistemi məhkəməyə müraciət edilməsi anından qərarın icrasına qədər bütün prosesi əhatə edir. İddianın verilməsi, onun qeydiyyatı, rüsumların ödənilməsi, işlərin hakimlər arasında bölüşdürülməsi, tərəflərin dəvət edilməsi, elektron kabinetlərin yaradılması və onun vasitəsilə proses barədə məlumatların və məhkəmə sənədlərinin əldə edilməsi, habelə şikayətlərin verilməsi və s. məsələlər bu sistem vasitəsilə həyata keçirilir.
“Elektron məhkəmə” sisteminin ədalət mühakiməsinin əlçatanlığına, şəffaflığa, çevikliyə, vətəndaş məmnunluğuna xidmət etdiyi, həmçinin hakimlərin işini asanlaşdırmaqla işlərə daha keyfiyyətlə baxılmasına imkan yaratdığı qeyd olunub, onun funksionallığının artırılması, o cümlədən mühüm tərkib hissəsi olan “Elektron icra” sisteminin tətbiqinin genişləndirilməsi tapşırılıb.
Həmçinin nazirlik tərəfindən yaradılaraq əhalinin istifadəsinə verilmiş yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti barədə məlumat verilib. Bildirilib ki, smart konsepsiya əsasında fəaliyyət göstərən bu innovativ xidmət vətəndaşlara heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılaraq video-zəng vasitəsi ilə operatora müraciət etməklə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir.
Dövlət xidmətlərinin göstərilməsində ilk dəfə belə bir innovativ yanaşmanın tətbiqi vətəndaş məmnunluğunu təmin edərək artıq insanların “ƏN TEZ” xidmətindən bəhrələndiyi bildirilib, fəaliyyətinə dair video-çarxlar və bukletlər nümayiş etdirilərək onun tətbiqi dairəsinin artırılması, əhalinin daha geniş məlumatlandırılması ilə bağlı aidiyyəti göstərişlər verilib.
İclasda ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə cari ilin birinci yarımilində görülmüş işlər ətraflı təhlil olunaraq məlumat verilib ki, respublikamızda aparılan geniş qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik tərəfindən cari ildə 2.200-dən artıq hüquqi akt layihəsi hazırlanıb və ya ekspertizadan keçirilib. Əhalinin hüquqi biliklərinin yüksəldilməsi məqsədilə milli qanunvericiliyin vahid elektron bazasına – e-qanun.az saytına daxilolmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq 2.4 milyona çatıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə qayğı və həssaslıqla yanaşılaraq cari ildə 7.700-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qaydada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
Kollegiyada ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 2.5 milyona yaxın notariat hərəkətinin aparıldığı, 138 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı bildirilərək, bu əməliyyatlarla ümumilikdə 6.6 milyon manat vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çox – 29 milyon manata yaxın sadələşdirilmiş verginin dövlət büdcəsinə köçürüldüyü vurğulanıb.
Cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi istifadəçilərinin sayı 33% çoxalaraq 600 minə çatıb.
İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi, altı ayda yarım milyona yaxın icra sənədinin icrasının təmin edildiyi və 303 milyon manatdan artıq vəsaitin ödətdirildiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 213 iş üzrə ibtidai istintaq tamamlanıb, fiziki və hüquqi şəxslərə vurulan ziyanla bağlı istintaqın gedişində ödətdirilən vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artıb.
Həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib. Həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, cari ildə 2.200-dən çox şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.
Bundan əlavə, nazirlik tərəfindən bələdiyyələrə metodoloji kömək sahəsində əməli tədbirlərin görüldüyü, 2023-cü ildə 49 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirildiyi, 1.800-dək aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 5.000 hektardan artıq torpaq sahəsinin geri qaytarıldığı bildirilib.
İclasda görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı tələblərin daim rəhbər tutularaq nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət olunması vurğulanıb.
Eyni zamanda, Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair və digər milli fəaliyyət planlarının vaxtında və dürüst icrasının təmin olunması, məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi və özəl icra institutunun tətbiqi, məhkəmə və ədliyyə, o cümlədən penitensiar infrastrukturun müasirləşdirilməsi, məhkumların məşğulluğun genişləndirilməsi, Ədliyyə Akademiyasının peşəkar hüquqşünasların hazırlanması ilə bağlı potensialının artırılması, ədliyyə fəaliyyətinin rəqəmsallaşdırılması, vakansiyaların doldurulması üzrə və digər konkret tədbirlər müəyyən edilib.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən normativ sənədlər layihəsi təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.