Ədliyyə Nazirliyində keçirilən təcrübə kursu başa çatıb
Noyabrın 02-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsil alan V kurs tələbələrinin nazirlikdə və tabe qurumlarda keçdikləri istehsalat təcrübəsinin yekunlaşması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəis müavini Ələkbər Hüseynov bildirib ki, Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanan müqaviləyə əsasən cari ilin 03 oktyabr-02 noyabr tarixlərində tələbələrin istehsalat təcrübəsi keçmələri təmin edilib. Qeyd olunan müddət ərzində tələbələrin müvafiq sahə üzrə əldə etdikləri biliklərin onların gələcəkdə ixtisaslı kadr kimi dövlətə və cəmiyyətə faydalı olacaqlarına ümidvar olduğunu bildirib.
Sonra universitetin müəllimi Elman Abbasov təcrübə kursunun əhəmiyyətindən bəhs edib, tələbələri təcrübə kursunu uğurla başa vurmaları münasibətilə təbrik edib.
Tədbirin sonunda tələbələr təcrübə müddətində yaşadıqları təəssüratları bölüşüb, onlar üçün yaradılan şəraitə görə nazirliyin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.