...

Ədliyyə Nazirliyi "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin qalibi olub

01-07-2025 | 08:34

Naxçıvanda dövlət qurumlarının əməkdaşları arasında keçirilən "Heydər Əliyev Kuboku" uğrunda futzal turniri başa çatıb. Turnirin üçüncülük və final qarşılaşmaları iyunun 30-da İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib.

Üçüncü yer uğrunda oyunda Dövlət Vergi Xidməti Mədəniyyət Nazirliyi üzərində 5:4 hesabı ilə qalib gəlib. Finalda isə Təhsil və Ədliyyə nazirlikləri qarşılaşıb. 1:1 hesablı bərabərlikdən sonra penaltilərdə üstün olan Ədliyyə Nazirliyi turnirin qalibi olub.

Mükafatları Naxçıvan MR Gənclər və İdman Nazirliyinin müavini Məcid Seyidov, Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və NFF-nin baş katibi Raqif Abbasov təqdim ediblər. Turnirdə fərqlənən Mirəziz Seyidov, Cavid Əsgərov, İsmayıl Allahverdiyev və Abbas Məmmədov xüsusi mükafatlarla təltif olunublar. Qalib komandaya "Heydər Əliyev Kuboku" təqdim edilib.