...

Ədliyyə işçiləri peşə bayramlarını geniş qeyd ediblər

23-11-2023 | 11:27

Ulu Öndər Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü bu il Ümummilli Liderin 100 illiyi münasibətilə elan olunmuş “Heydər Əliyev İli”ndə xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə geniş qeyd olunur.

Bu il Ədliyyə Nazirliyinin yaranmasından 105 il ötür. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi köklü islahatlar nəticəsində mühüm struktur kimi formalaşan Azərbaycan ədliyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə dövlətimizlə bərabər müasir inkişaf yolu keçərək təkmilləşir.

Noyabrın 22-də Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında qəhrəman övladlarımızın əziz xatirəsi anılıb.

Sonra nazirlikdə ədliyyə orqanlarının 105 illiyi və peşə bayramı günü münasibətilə təntənəli yığıncaq keçirilib. Tədbirdən əvvəl əbədiyaşar liderimizin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.

Bayram tədbirində ədliyyə naziri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri İnam Kərimov, nazirliyin məsul işçiləri, ədliyyə veteranları, Vətən müharibəsi iştirakçıları, gənc əməkdaşlar və könüllülər, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.

Yığıncaqda bir əsrdən artıq tarixi olan Azərbaycan ədliyyəsinin keçdiyi inkişaf yolundan bəhs olunub, bayram münasibətilə hazırlanmış qısametrajlı film nümayiş etdirilib.

Çıxış edən ədliyyə naziri F.Məmmədov peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edib, builki bayramın “Heydər Əliyev İli”ndə və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə bağlı tarixi Zəfərimizin yaşatdığı yüksək qürur hissi ilə qeyd olunduğunu bildirib.

Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, Azərbaycan ədliyyəsinə daim xüsusi diqqət göstərdiyi vurğulanıb, yubiley ilində Heydər Əliyev irsinə həsr olunan silsilə tədbirlərdən bəhs olunaraq bu münasibətlə “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” xüsusi kitabın hazırlandığı bildirilib.

Nazir Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik zəfər yolundan danışaraq ölkəmizin davamlı sosial-iqtisadi inkişafını, beynəlxalq aləmdə nüfuzunun günbəgün yüksəlməsini qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti özünün ən qüdrətli dövrünü yaşayır, milli qürur mənbəyimiz olan üçrəngli bayrağımız azad edilmiş bütün torpaqlarımızda – Şuşada, Xankəndidə vüqarla dalğalanır.

Dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə doğma torpaqlarımızda sürətli bərpa-quruculuq işləri aparılaraq Qarabağ və Şərqi Zəngəzur dirçəlir, soydaşlarımız öz dədə-baba yurdlarına dönərək orada həyat yenidən qaynayır.

Nazir Azərbaycan ədliyyəsinin ötən 20 ildə respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq keçdiyi müasir inkişaf yolundan, dövlət başçısının rəhbərliyi ilə aparılan mütərəqqi ədliyyə və məhkəmə islahatlarından və tətbiq olunan yeniliklərdən danışıb. Bildirib ki, dövlət başçısının ədliyyə sisteminə göstərdiyi yüksək etimad və qayğının növbəti əyani təzahürü olaraq Azərbaycan Respublikası Prezidentinin 21.11.2023-cü il tarixli sərəncamları ilə bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə və ali xüsusi rütbələrə layiq görülməsi hər birimizdə dərin minnətdarlıq hissi ilə qarşılanaraq üzərimizə əlavə məsuliyyət qoyur.

Tədbirə dəvət olunmuş Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev və Ali Məhkəmənin sədri İ.Kərimov çıxış edərək ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın ədliyyə və məhkəmə sisteminin şərəfli tarixi yol qət edərək müasir mərhələdə inkişafını qeyd edib, insan hüquqlarının və qanunun aliliyinin təmin olunması sahəsində ədliyyə orqanlarının əməkdaşlarına uğurlu fəaliyyət arzulayıblar.

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri nazirliyin şəffaflığa və ictimai iştirakçılığa daim xüsusi önəm verdiyini vurğulayaraq vətəndaş cəmiyyəti institutları ilə nümunəvi əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıblar.

Çıxış edən gənc ədliyyə işçisi, Vətən müharibəsi veteranı Hüseyn Hüseynov və digərləri gənclərə, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından bəhs edib, Zəfər ayında qeyd olunan peşə bayramı ilə bağlı ürək sözlərini bölüşüblər.

Əlamətdar gün münasibətilə ədliyyə nazirinin mətbuatda Azərbaycan və rus dilində geniş məqalələri dərc olunub. Həmçinin, Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yola nəzər salınaraq mediada çıxışlar edilib. Ədliyyə veteranları və gənclərlə görüşlər keçirilib, Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, o cümlədən Nazirliyin şəhid olmuş əməkdaşı Ruhin Xəlilovun ailəsinə baş çəkilərək diqqət və qayğı göstərilib. Zəfər Günü və peşə bayramı ərəfəsində Qarabağ Dirçəliş Fonduna ədliyyə işçiləri və hakimlər tərəfindən 500 min manat könüllü ianələr edilib. Həmçinin yeni tikilən infrastruktur obyektləri istifadəyə verilib, ədliyyə orqanlarında ənənəvi qanvermə və ağacəkmə aksiyaları, intellektual və idman yarışları keçirilib.

Azərbaycan ədliyyəsinin 105-ci ildönümü nazirliyin struktur qurumlarda, o cümlədən regional ədliyyə idarələri tərəfindən bölgələrdə də geniş qeyd olunub. Keçirilən silsilə tədbirlərdə ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin dövlətçilik amallarına daim sadiq qalaraq, dövlət başçısı, Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi sıx birləşib Vətənimizin qüdrətlənməsi naminə var qüvvələri ilə çalışmaq əzmində olduqlarını bildiriblər.